|
O, Zarina ilə rəfiqə idi. Sonra eşitdik ki, Alesya ərə gedib. Bir müddət sonra işdən evə gələrkən gördüm ki, Alesya bizdə oturub ağlayır. Səbəbini soruşanda, dedi ki, onu atıblar, qalıb ortalıqda, özüdə hamilədir. Kişinin kim olduğunu isə demədi. Ona təsəlli verdim. Dedim ki, mən sənə kömək edərəm, bu, Allaha da xoş gedər. Həmin dövrdə Alesya 5 ay idi ki hamilə idi, bu üzdən uşağı dünyaya gətirmək məcburiyyətində idi” söyləyən Lira Volobuyeva 1999-cu ilin iyun ayının 25-də Alesyanın uşağının olduğunu bildirdi.
Uşaq doğulandan sonra hər gün iki qızı ilə Alesyaya baş çəkdiyini deyən L.Volobuyeva gedib-gəlmək çətin olduğu üçün uşaqla anasını evlərinə gətirdi. “Belə çətin olduğu üçün ona dedim ki, gəl bizdə qal, qızlarım da uşağa baxmaqda sənə köməklik edər. Bir otağı onun üçün ayırdım. Yataq düzəltdim. Qonşular uşağın paltarlarını, əşyalarını qoymaq üçün balaca dolabça da verdilər. Yatağın altına da yekə tas qoydum ki, çirkli paltarları ora yığsın. Özünə də tapşırdım ki, heç bir iş görməsin, çirkli paltarları tasa yığsın və qızlarım onları yuyarlar” bildirən Lira xanım etdiyi yaxşılıqlara baxmayaraq, üç gün sonra Alesyanın uşağı onlarda qoyub getdiyini bildirdi.
“İyunun 1-də mən Alesya ilə Ayseli evə gətirdim. İyunun 3-də işdən qayıdanda gördüm ki, Alesya uşağı evdə qoyub gedib. Getdim Alesyanın evinə, gördüm mənzil bağlıdır. Uşaq da acından ağlayırdı. Qonşumuz inək saxlayır. Bu üzdən qonşu Dilşad xanıma vəziyyəti danışdım, o da uşaq üçün bir banka süd verdi” qeyd edən qəhrəmanımız bir müddət uşağa qulluq etdiyini vurğuladı. Lakin sonradan Alesyanın həbs olunduğu məlum olub.
“Beləcə xeyli vaxt keçdi, uşağın anasından xəbər yox idi. Sonradan evimizə Alesyanın məhkəməsilə əlaqədar çağırış kağızı gəldi. Məlum oldu ki, Alesya nənəsi Sabanova Anna Vasilyevnanın ölümündə günahkar bilinərək həbs olunub. Uşağın anası həbsdə olarkən körpəyə Aysel adını da mən qoydum. Atasının adı məlum olmadığı üçün sadəcə Əbülfət adı yazıldı. Çünki Alesya azərbaycanlı kişi ilə gəzdiyini demişdi, bu üzdən uşağın atasının adı Azərbaycan isminə uyğun qoyduq. Uşağı da saxlamalı oldum” söyləyən xanım Volobuyeva bildirdi ki, Alesya 2002-ci ildə amnistiyaya düşüb azad olsa da, körpəsilə maraqlanmadığını qeyd etdi.
Beləcə iki il keçdi. 2002-ci ildə Alesya amnistiyaya düşdü. Alesya türmədən çıxandan sonra bir gün də olsa belə uşaq ilə maraqlanmadı. Özü üçün gəzib-dolanır, eyşi-işrətlə məşğul olurdu. “Bir gün Alesyanı küçədə tapdım, gətirdim evimizə, dedim ki, uşağa niyə baxmırsan. Mənə cavab verdi ki, uşaq atasına oxşayır. Ondan zəhləm gedir. Nə qədər etdim, uşağı götürmədi. Bir yerdə Səbail rayon İcra Hakimiyyətinə getdik. Orada Alesya məsələni olduğu kimi danışdı. Oradakılar da nə qədər etdilər, Alesya yenə fikrindən dönmədi. Uşağa həm öyrəşmişdim, həm də ona yazığım gəlirdi. Axırda qərara gəldim ki, onu öz himayəmə götürüm. Çünki Alesya uşağı satmaq istəyirdi. Mən buna razı ola bilməzdim. Bu üzdən onunla danışdım. O da dilindən kağız yazdı ki, uşaq mənə lazım deyil” deyən Lira xanım Alesyanın ərizəsini göstərdi.
Ərizəni yazdıqdan sonra Lira Volobuyeva tələb olunan sənədləri yığmağa başladı: “İş, yaşayış yerindən, həkimlərdən, narkoloji və psixoloji dispanserlərdən sağlam olmağım haqqında arayış aldım. Uşağın doğum haqqında şəhadətnaməsini də götürdük. Uşağın anası ilə birlikdə sənədləri, övladından imtina etməklə bağlı ərizəni də təqdim etdik. Əlavə olaraq mən uşağı qəyyumluq etmək istəyim haqqında ərizə yazdım. 2002-ci ilin aprelin 3-də Səbail rayon İcra Hakimiyyəti tərəfindən mənim Ayselin üzərində qəyyumluğumu təstiqləyən sərəncam verildi”.
Xatırladaq ki, indi Ayselin 11 yaşı var. O, 5-ci sinifdə təhsil alır. Aysel doğma anasını tanısa da, onu valideyin kimi tanımır.
“Mənim anam Liradır. Baxmayaraq ki, Lira məni doğmayıb, lakin o məni həyatda çirkinlikdən xilas edib. Lira olmasaydı, mən dilənçi, yaxud da başqa pis əməl sahibi olardım. Bəlkə də heç mən həyatda olmazdım. Mən bütün analardan öz anamdan fərqli olaraq vicdanlı olmağı, uşaqlarını mənim kimi bədbəxt etməməyi xahiş edirəm” söyləyən qızcığaz anaların səhvi ucbatından uşaqların başıaşağı olduğunu dedi. Qızın səsindəki həyəcan, qəzəb və gözlərindəki məyusluğu gördükdə, insanın qəlbi sızlamaya bilməz.
Məsələ ilə bağlı Uşaq Hüquqlarının Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovla əlaqə saxladıq. Bu gün Azərbaycanda aktual problemlərdən birinin uşağın övladlığa və qəyyumluğa götürülmə məsələsinin olduğunu bildirən Yusif Bəkirov açıqlamasında buna nəzarət edən vahid xüsusi dövlət qurumunun olmadığını bildirdi. Ekspert uşaq götürmək istəyənin müvafiq icra orqanlarına müraciət etməli olduğunu dedi. “Hər rayonun İcra hakimiyyətlərində övladlığa və qəyyumluğa götürmək üçün adiyyatlı şöbələr var. Niyyətli şəxslər gərək birinci bu şöbələrə müraciət etsin. Orada götürülməsi planlaşdırılan uşağın ilk öncə yaş həddi müəyyənləşdirilir. Götürülən uşaq üç günlükdən üç yaşına qədər olarsa, bu zaman Səhiyyə Nazirliyinə müvafiq icra hakimiyyəti tərəfindən məktub göndərilir. Əgər uşaq üç yaşdan yuxarıdırsa, bu zaman müraciət Təhsil Nazirliyinə edilir. Uşağın övladlığa götürülməsi üçün məhkəmənin qərarı lazım gəlir. Statistik məlumatlara görə hazırda övladlığa və qəyyumluğa götürmək üçün 200-ə yaxın insan müraciət edib. Onlardan cəmi 20 nəfəri müsbət cavab ala bilib”, -deyə ekspert vurğuladı.
Məsələyə aydınlıq gətirən Təhsil Nazirliyinin internat və uşaq evləri ilə əlaqədar fəaliyyət göstərən şöbəsinin əməkdaşı Məlahət Hacıyeva açıqlamasında uşaqların övladlığa götürülməsi “Ailə məcəlləsi”, “Mülki prosesual məcəllə” və Nazirlər Kabinetinin 2000-ci il, 20 sentyabr tarixli, 172 saylı qərarı ilə tənzimləndiyini xatırlatdı. Bu prosesin uçot qaydaları üzrə həyata keçirildiyini vurğulayan Məlahət Hacıyeva burada yaş həddinə görə Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyinin məsuliyyət daşıdığını qeyd etdi.
“Üç aylıqdan 3 yaşına qədər övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşmiş uçotu Səhiyyə Nazirliyi tərəfindən aparılır. 3 yaşdan 18 yaş arası uşaqların övladlığa verilməsi üçün mərkəzləşmiş uçot qeydiyyatı isə Təhsil Nazirliyi tərəfindən aparılır”, - deyə M.Hacıyeva vurğuladı. Övlad götürmək (qəyyum olmaq) istəyən şəxsin ərizəsi əsasında prosesin məhkəmə tərəfindən həyata keçirildiyini vurğulayan dövlət rəsmisi uşağın övladlığa verilməsi barədə qətnamənin də məhz məhkəmə tərəfindən verildiyini bildirdi.
Məhkəməyə qədər övlad götürmək (qəyyum olmaq) istəyən şəxsin bir neçə mərhələlərdən keçməli olduğunu qeyd edən Məlahət Hacıyeva bunun elə də asan olmadığını vurğuladı.
“Tək şəxs, yaxud ər və arvad uşağı övladlığa götürmək istəyirlərsə, qeydiyyatda olduğu ərazinin rayon İcra Hakimiyyətinin “Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi” üzrə komissiyaya müraciət edirlər. Həmin komissiya övladlıq və qəyyumluq orqanı vasitəsilə valideyin olmaq istəyən şəxslərə lazımı sənədlərin toplanması üçün siyahı verir. Toplanılan sənədlər rayon icra hakimiyyətinə təqdim olunur. Rayon icra hakimiyyəti başçısının müvafiq məktubu ilə həmin sənədlərin sürəti ya Səhiyyə Nazirliyinə, yaxud da Təhsil Nazirliyinə ünvanlanır. Bundan sonra həmin kəslər övladlığa uşaq götürmək istəyən kəslər kimi qeydiyyata alınır” söyləyən Məlahət xanım qeydiyyat prosesinin ən geci 1 ay davam etdiyini bildirdi.
“İcra hakimiyyətindən məktub daxil olduqdan ən çox üç gün sonra həmin şəxs qeydiyyata salınır və uşaqların siyahısı ilə tanış olur. Əgər övladlığa götürən uşaqla tanış olursa, qəti qərara gəlirsə, ən geci 1 ay ərzində uşağın sənədləri hazırlanır, məhkəməyə təqdim olunur. Bu prosesdə Təhsil Nazirliyi, yaxud Səhiyyə Nazirliyi icra hakimiyyəti ilə birlikdə sənədləri məhkəməyə təqdim edir. Məhkəmə də 1 ay ərzində bu məsələyə baxır. Məsələ müəyyən səbəblərə görə uzana bilər”, -deyə, o vurğuladı.
Təhsil Nazirliyinin rəsmisi övladlığa (qəyyumluğa) uşaq götürmək istəyən şəxsin aşağıdakı sənədləri toplamalı olduğunu bildirdi.
1.Həmin şəxs nikahda deyildirsə, onun doğum haqqında şəhadətnaməsinin surəti. Evli olan şəxsin nikah haqqında şəhadətnaməsinin surəti.
2.Uşaq bir şəxs tərəfindən götürülürsə, onda digər tərəfin (ər, yaxud arvadın) razılıq ərizəsi.
3.Əgər övladlığa, yaxud qəyyumluğa uşaq götürən insan ayrılıbsa, boşanma haqqında şəhadətnamənin sürəti
4.Övladlığa (qəyyumluğa) uşaq götürmək istəyən şəxslərin səhhəti haqqında tibbi rəy.
Rəyə daxil olan xəstəliklərin siyahısı Nazirlər Kabinetinin 2000-ci il tarxili, 141 saylı qərarı ilə təsdiq edildiyini vurğulayan Məlahət Hacıyeva bəzi xəstəlik daşıyıcılarının övladlığa uşaq götürülməsinə icazə verilmədiyini xatırlatdı. “Vərəmin aktiv və xroniki vəziyyətdə olması, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr. Daxili orqanların, sinir sistemi xəstəlikləri. Bədxassəli onkoloji xəstəliklər. Narkomanlıq, toksikomanlıq və xronoloji alkoqolizm. İnfeksion xəstəliklər, ruhi xəstəliklər” bildirən xanım Hacıyeva belə xəstəliyi olan kəslərin övladlığa, yaxud qəyyumluğa uşaq götürməyə ixtiyarı olmadığını vurğuladı. O bildirdi ki, əmək qabiliyyətini itirməklə I və II əlillik qrupu olan xəstələr övladlığa və qəyyumluğa uşaq götürə bilməz.
Yetkinlik yaşına çatmayan uşaqların övladlığa verildiyini xatırladan Məlahət Hacıyeva 18 yaşına çatan şəxslərin övladlığa verilmədiyini bildirdi. Onun sözlərinə görə, övladlığa götürənlə uşaq arasında yaş fərqi 16 yaşdan az olmamalıdır. Qanunuvericiliyə əsasən övladlığa götürmə sirrinin gizlin saxlanıldığını söyləyən Məlahət Hacıyeva bunun üçün övladlığa götürülən uşağın gələcək həyatının izlənilməsində bir qədər çətinlik olduğunu bildirdi. “Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı altı aydan bir başqa səbəblə monitorinq apara bilər. Uşağın övladlığa götürülmə məsələsi gizlin saxlanılmaqla, müəyyən qədər uşağın gələcək taleyinin izlənilməsinə icazə verilir. Götürülən uşaq doğma övladla bərabər hesab olunduğu üçün onlar istədikləri kimi ölkəni tərk edə bilər” qeyd edən M.Hacıyeva burada məhdudiyyətin olmadığını vurğuladı.
Sonda arzu edərdik ki, hər bir uşaq analı və atalı böyüsün. Hər bir valideyin öz borcunu ləyaqətlə yerinə yetirsin və övladına etdiyi səhf kimi baxmasın. |